29 Fevral necə yarandı?

Hər şey ondan başladı ki…e.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəkı qarışıqlığı aradan qaldırmağı tapşırdı. O zamana qədər il 365 gün 6 saat hesablanırdı. Bundan sonra yunan astroloqu Sosigenesin məsləhətinə əsasən, bir il 365 gün hesablanmalı, qalan 6 saat da toplanaraq hər dördüncü ilə 1 gün əlavə edilməliydi.

Amma maraqlıdır ki, “Yuli təqvimi” deyilən bu təqvim ilk vaxtlar ideal görünsə də, sonradan ortaya bəzi problemlər çıxdı.

Məlum oldu ki, 1 ilin həqiqi uzunluğu 365 gün 6 saat yox, bundan təxminən 11 dəqiqə daha qısadır.  İllər keçdikcə bu dəqiqələr ciddi problem yaratmağa başladı. Nəhayət, bəşər əhli 16-cı əsrə qədəm qoyanda məlum oldu ki, bu dəqiqələr üst-üstə yığılıb, düz 14 günə çatıb. 1582-ci ildə Papa 13-cü Griqori həmin ildən 14 gün qısaldılmasını əmr etdi və ortaya “Qriqoryan təqvimi” çıxdı. Sözügedən təqvim bu tarixdən sonra dünyanın bir çox ölkələrində qəbul edilir.

Bu yerdə geri qayıdıb bir maraqlı məqamın da üstündə dayanaq. Sezar təqvimin başına bir oyun da açıb axı? Heç kimə sirr deyildi ki, Sezarın təqvimi Roma imperiyasının tərkibinə daxil olan bütün xalqlar arasında yayılır və yulian sistemi adını alır. Sezar başqa bir əmri ilə aylardan birinə – iyul ayına öz adını verir. Sonradan imperator Oktavian Avqust da növbəti aya öz adını verir və o, avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 gün kəsib avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir.

 

Fevralın 29-da doğulan adamlar doğum günlərini dörd ildən bir qeyd edirlər. Ümumdünya Səhiyyə Nazirliyinin statistikasına görə, fevralın 29-da övladı dünyaya gələn valideynlər onların doğum gününü əksər hallarda 28 fevrala, daha çox halda isə martın 1-ə qeydə aldırırlar. Hazırda dünyada 4 milyon adamın, dünya əhalisinin 0,069 faizinin sənədlərində ad günü kimi məhz 29 fevral göstərilib.

 

Dünyanın ali səhiyyə qurumunun hesablamalarına görə, fevralın 29-da anadan olma ehtimalı 1:1461-ə bərabərdir.

 

İtalyan bəstəkarı Antonio Rossini, fransız aktrisası Mişel Morqan, Azərbaycan yazıçısı Ənvər Məmmədxanov, məşhur xizəkçi Raisa Smetanina, futbolçu Sabo, dramaturq Nusin, türk müğənni Erol Böyükburc fevralın 29-u anadan olublar.

1288-ci ildə Şotlandiyada 29 fevralda qadınını kişiyə evlənmə təklifi verməsinə icazə verilirdi.

XVIII əsrə qədər fevralın 29-u bir çox Avropa ölkələrində qəbul edilmirdi. Təqvimdə fevralın 29-u olsa da, hüquqi cəhətdən rəsmi gün sayılmırdı. Bu gün müqavilələr bağlanmır, borc verilmir, ödənişlər aparılmırdı
 

29 fevral tarixdə bir sıra maraqlı günlərlə yadda qalıb. Məsələn, 1936-cı ildə Nils Bor nüvə nəzəriyyəsini irəli sürüb. Marakeşin Aqadir şəhəri isə (1960) zəlzələ nəticəsində yerlə-yeksan olub. Peruda, Bratskda dəhşətli təyyarə qəzalar nəticəsində yüzlərlə insan ölüb.

1930 və 1931-ci illərdə SSRİ-də fevral hətta 30 gündən ibarət olub. Sovet başbilənləri iyul və avqustdan günlərin ikisini ixtisar ediblərmiş. 1932-ci ildə bu anormallıq ləğv edilib.

Bir dəfə, məhz bu gün anadan olmuş sovet dramaturqu İlya İsaakoviç Nusinova belə bir sual veriblər: “29 fevralda anadan olmaq yaxşıdır, ya pis?” Cavabı maraqlı olub: “Nə yaxşıdır, nə pis. Faktdır”.